Reklam verin!

Babək (rayon)

Coğrafiyası

Babək rayonu qərbdə Kəngərli, şimal-şərqdə Şahbuz, şərqdə Culfa rayonları ilə cənubda İran İslam Respublikası, şimal-qərbdə Ermənistanla həmsərhəddir. Rayonun ərazisi 0,92 min kv.km., əhalisi 65040 nəfərdir. Rayonda bir şəhər tipli qəsəbə, 39 kənd vardır.

Rayonun relyefi şimalda Dərələyəz silsiləsinin cənub yamaclarından, cənub-şərqdə Zəngəzur silsiləsindən ayrılmış qollardan olan təpələrdən və yüksəkliklərdən, cənubda Naxçıvan düzənliyi adlanan maili düzənliklərdən, cənub-şərqdə Gülüstan düzənliyi adlanan düzənliklərdən ibarətdir. Ən yüksək zirvə Buzqov dağıdır (2475). Babək rayonunun ərazisi faydalı qazıntılarla - daş, duz, tikinti materialları ilə zəngindir. Burada Sirab, Vayxır, Cəhri, Qahab və sair mineral su bulaqları vardır.

Rayonun əsas çayları inzibati ərazini yarıya bölən Naxçıvançay və onun qolu Cəhriçaydır. Bu çaylar süvarmada mühüm rol oynayırlar. Rayon ərazisində Araz su qovşağının su anbarı, Uzunoba, Nehrəm, Sirab, Cəhri, Qahab kimi su anbarları və suvarma kanalları vardır.

Ərazidə bitki və heyvanat aləmi zəngindir. Araz su qovşağının su anbarında müxtəlif növ balıqlar vardır.

Babək rayonunun ərazisi tarixi arxeoloji abədələrlə də zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir.


Tarixi və memarliq abidələri

Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir.
I Kültəpə Babək rayon mərkəzindən 14 km şimalda, Kültəpə kəndi ərazisində, Naxçıvançayın sol sahilində yerləşir. Eneolit - ilk Dəmir dövrünə, e.ə. IV minillik - e.ə. I minilliyin əvvəlinə aid yaşayış yeridir. İlk dəfə 1904-cü ildə kəşfiyyat xarakteli tədqiqat işləri aparılmış, əldə olunmuş materialların bir qismi 1905-ci ildə Tiflis Qafqaz muzeyinə verilmişdir. Qazıntılar sonralar davam etdirilmiş 22,2 m qalınlığında 4 mədəni təbəqə öyrənilmişdir. Qalınlığı təqribən 9 m olan alt təbəqədən Eneolit dövrünə aid dairəvi planlı, bünövrəsi çay daşları və gil məhlulu, divarları möhrə palçıqla hörülmüş yaşayış binaları, təsərrüfat tikililəri, ocaq və qəbrlər aşkar edilmişdir. Burada tək, qoşa və kollektiv dəfn olunmuş qəbrlər aşkar edilmiş, qəbrlərdə məişət avadanlıqları, əmək alətləri, bəzək əşyaları tapılmışdır. Eyni zamanda Yaxın Şərq ölkələrindən gətirilmiş boyalı qablar tapılmış, 9,5 m qalınlığında olan 2-i təbəqədən Tunc dövrünə (e.ə. III minilik) aid yaşayış binaları, alət və avadanlıqlar, yarma naxışlı və cızma bəzəkli cilalanmış boz və qara saxsı qablar, heyvan fiqurları, kömürlənmiş arpa, buğda, darı əldə edilmişdir. Qalınlığı 2 m olan mədəni təbəqədən orta və son Tunc dövrünə aid materiallar əldə edilmiş, qalınlığı 1,5 m olan 4-cü təbəqədən isə ilk Dəmir dövrünə aid nümunələr tapılmışdır. Bütün bu tapıntılar Kür-Araz mədəniyyəti üçün səciyyəvidir. Burada tapılmış Polixram boyalı qablar bədii tərtibatına görə nəinki Azərbaycanın, eləcə də qədim dünyanın ən nadir incəsənət nümunələri sayıla bilər.

II Kültəpə abidəsi Babək rayon mərkəzindən 16 km şimalda, Didivar və Yuxarı Uzunbora kəndlərinin yaxınlığında, Cəhriçayla Naxçıvançayın birləşdiyi ərazidə yerləşir. Bura e.ə. IV-I minilliklərə aid yaşayış yeridir. Qalınlığı 14 m olan 4 mədəni təbəqə öyrənilmiş, Kür-Araz mədəniyyətinə aid edilmiş alt təbəqədən dairəvi yaşayış binaları, müdafiə divarı, təsərrüfat tikililəri, daş, tunc, sümükdən əmək alətləri, gil qablar, kömürləşmiş taxıl qalığı, heyvan sümükləri aşkar edilmişdir. 2-ci təbəqədən isə dulusçuluq emalatxanaları, dulus kürələri, metaləritmə sobasının qalıqları tapılmış, metal emalı ilə bağlı alətlər, təsərrüfat alətləri, tikililər üzə çıxarılmışdır. Buradan tapılmış maddi mədəniyyət nümunələri o dövrdə Yaxın Şərq ölkələri ilə iqtisadi, mədəni əlaqələrin olduğunu sübut edir.

Babək rayonu ərazisində, rayon mərkəzindən 28 km şimal-qərb istiqamətində, Payız kəndi yaxınlığında, Cəhriçayın sağ sahilində, təbii cəhətdən əlverişli mövqedə, tunc dövrünə aid Çalxanqala qala abidəsi yerləşir. Qala hündür dağ üstündədir. Çalxanqala abidəsi böyük daş divarlarla əhatə olunmuşdur. Buranın e.ə. II minillikdə təşəkkül tapmış iri tayfa ittifaqının əsas müdafiə qalası olduğu ehtimal olunur. Arxeoloji qazıntılar zamanı xeyli maddi mədəniyyət nümunələri tapılmışdır.

Rayon mərkəzindən 4 km cənub-qərbdə Araz çayı sahilində hərbi istehkam tipli Abbasabad qalası mövcul olmuş, qala 1809-1810-cu illərdə fransız hərbi mütəxəssislərinin layihəsi əsasında tikilmiş, beşbucaq şəklində olan qala bücləri müdafiə xarakteri daşımışdır. Qala su arxı ilə əhatə olunmuş, dəfələrlə döyüş meydanına çevrilmişdir. Araz su anbarı tikilən zaman qalanın qalıqları su altında qalmışdır.

Bundan başqa rayon ərazisində elmi əhəmiyyətə malik Eneolit, Tunc, Dəmir dövrünə və Antik dövrə aid arxeoloji abidələr, qədim duzdağ yatağı, orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir. Son illər rayonun Çeşməbasar kəndində "Heydər" məscidi, Nehrəm, Qahab, Zeynəbbin, Cəhri, Sirab kəndlərində və Babək qəsəbəsində memarlıq baxımından gözəl məscidlər inşa edilmişdir.

Rayonun mərkəzində Babəkin heykəli, Şəhidlərin abidə kompleksi, Nehrəmdə şəhidlər abidə kompleksi, Çeşməbasarda Şəhid bulağı, Tumbulda Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi ucaldılmışdır.


Baxış sayı:127     May 6, 2008 1:44 tarixində AzArc tərəfindən
Xəbərlər bölməsində yazılib
Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha